Brend yaranmasına atılan ilk addım 19-cu əsrin ortalarında körpələr üçün ana südünə alternativ qidaların yaradılması ideyası ilə kimyaçı və əczaçı Henri Nestle tərəfindən atılmışdır. 1867-ci ildə Nestle süd, un və şəkərdən ibarət olan "Farine Lactée" adı ilə ilk məhsulunu hazırladı. Məhsul buğda unu, süd və şəkərdən ibarət olub, ana südü ilə qidalana bilməyən körpələr üçün təhlükəsiz qida əlavəsi kimi çıxış edirdi. Bu məhsul İsveçrədə və digər ölkələrdə körpə ölümü nisbətini əhəmiyyətli dərəcədə azaldaraq tez bir zamanda insanlar arasında "körpələrin xilasedicisi" kimi tanınmağa və yayılmağa başladı. Bununla da Nestle güclü bir təməl yaratmış oldu.
Məhsulu ilə qazandığı tanınırlıqdan sonra Nestle böyük bir brend olma yolunda addımlamağa davam edərək loqosunu yaratmaq qərarına gəldi. Brendin ilk loqosu Henri Nestle'nin balaca yuva mənasına gələn almanca kökənli soyadından ilham alınaraq, bir yuva içində bəslənən quşları göstərən bir nişan kimi dizayn edilmişdi. Ana quş və onun balalarının təsviri "ana qayğısı və qidalanması" mesajını çatdırırdı. Bu, xüsusilə körpə qidası bazarında istehlakçılarla emosional əlaqə yaratmaq üçün mükəmməl bir simvol idi. Nəticədə, Nestlé loqotipi dünyanın ilk tanınan vizual brendlərindən birinə çevrildi. Loqo illər ərzində bəzi modernləşmələrə məruz qalsa da, quş yuvası bu gün də əsas element olaraq qalır.
Nestle məhsullarını ağıllı bir taktika ilə satmağa başladı. Onlar körpə qidalarını birbaşa valideynlərə deyil, həkimlər və əczaçılar tərəfindən tövsiyə edilən tibbi qida kimi təqdim edirdilər. Bu yanaşma onlara ictimai etimad və nüfuz qazandırdı. İsveçrədən sonra Fransa, Almaniya və İngiltərəyə də ixrac edilməyə başlandı. Beləliklə, Nestle qlobal brendinqin erkən nümunəsinə çevrildi.
1905-ci ildə Henri Nestlé tərəfindən qurulan şirkət, sonradan Nestlé Qrupunun sələfi olan Nestlé Anglo-Swiss Milk Company şirkətini yaratmaq üçün Anglo-Swiss Company ilə birləşdi və Londonda 3 yeni ofis daha açdı. Bununla da beynəlxalq ticarətin inkişafına təkan vermiş oldu. Bir neçə il ərzində qatılaşdırılmış süd, şokolad və qəhvə kimi yeni kateqoriyalar əlavə edərək məhsul çeşidliliyini artırmağa başladı.
1914-cü ildə müharibənin başlanması həm yeni çətinliklər, həm də imkanlar yaradırdı. Qatılaşdırılmış süd və şokolada tələbat artır, ancaq xammal çatışmazlığı yaranırdı. Bu problemləri həll etmək üçün şirkət ABŞ və Avstraliyada fabriklər açmağa başladı. Müharibənin sonuna kimi şirkətin artıq 40 fabriki var idi. Müharibədən sonra südə olan tələbat xeyli azaldığı üçün şirkət məhsul istiqamətini dəyişərək qəhvə kimi qabaqcıl məhsulların marketinqinə başladı.
İkinci Dünya Müharibəsi dövründə şirkət çətinliklə də olsa fəaliyyətini davam etdirmək üçün həm mülki şəxsləri, həm də silahlı qüvvələri təmin etməyə çalışırdı. Eyni zamanda şirkət bu dövrdə Almaniyanın Almentan şirkəti ilə birləşərək Nestle Almentana adlanmağa başlandı. Bununla yanaşı, məhsul çeşidliliyinə Maggi şorbaları və ədviyyatlarını da əlavə etdi.
1950-ci illərdə Nestle ilk televiziya və radio reklamlarını təqdim etdi və bununla da brendin hədəf auditoriyası genişlənmiş oldu. Artıq o, yalnız analara deyil, bütün ailəyə ünvanlanırdı. Məhsullar müxtəlif adlarla təqdim olunmağa başladı: Nescafé (qəhvə), KitKat (şokolad), Nesquik (uşaq içkisi). Nestle çoxsaylı alt brendlər (Maggi, Gerber, Purina və s.) yaradaraq "çətir brendi" strategiyasını qəbul etdi.
İndiki dövrdə isə "Yaxşı Qida, Yaxşı Həyat" şüarı ilə Nestle özünü yalnız qida istehsalçısı kimi deyil, həm də insanların həyat keyfiyyətini yaxşılaşdıran bir brend kimi təqdim edir. Şirkət sağlamlıq, ətraf mühitin dayanıqlılığı, təkrar emal və su ehtiyatlarından səmərəli istifadə kimi sahələrdə qlobal miqyasda sosial məsuliyyət layihələri həyata keçirir.
Nestle hazırda 190-dan çox ölkədə fəaliyyət göstərir. Hər gün dünyada 1 milyarddan çox Nestle məhsulu istehlak olunur. Şirkət marketinq strategiyalarında məlumatlara əsaslanan yanaşmalardan, süni intellektdən və hiperfokuslu kampaniyalardan istifadə edir.
İllər ərzində Nestle körpə qidası istehsalçısından əfsanəvi qlobal meqabrendə yüksəlib. Onun 150 illik hekayəsi biznes üçün davamlı öyrənmənin, transformasiyanın və innovasiyanın vacibliyini vurğulayır.